Bu gün Rumıniyada xalq kommunizmin qanlı zəncirindən xilas olmaq uğrunda canlarından keçən şəhidlərini anır. Məhz 1989-cu il dekabrın 21-də paytaxt Buxarestdə anti-kommunist üsyanı bu ölkənin siyasi gələcəyini yenidən müəyyənləşdirib.
Hafta.az-ın yazdığına görə, bu günki Rumıniyanı yeni nəsillərə hədiyyə etmək üçün canlarını vermiş insanların xatirəsi hər il dekabrın 21-də böyük anım tədbirlərində xatırlanır. Çünki minlərlə insan həlak olsa da, təxminən 25 il rumın xalqını öz qəddar diktator hakimiyyətinə qul edən diktator Nikolae Çauşesku da devrilmişdi.

Bəs bu hadisə necə baş verib? 1989-cu ildə Berlin Divarı yıxılanda və Kommunizm rəsmən dağılanda Rumıniyada da transformasiya və çöküş qapını döyüb. Rumıniyada inqilabın ilk qığılcımı 15 dekabr 1989-cu ildə keşiş Laszlo Tökes Timişoaradakı Macar kilsəsində diktatoru qınayanda alovlanıb. Sonrakı günlərdə polisin narazı xalqa müdaxiləsi başlayanda isə yaşanan toqquşmalarda 115 nəfər həyatını itirib.
Çauşesku bütün qoşunlarını səfərbər edir və onları Timişoaradakı üsyanı yatırmaq üçün göndərir. Amma artıq ox yayından çıxmış, etiraz aksiyaları Rumıniyanın bütün şəhərlərinə yayılmışdı. Hətta xalqın qəzəbini görən ordunun bir çox bölmələri də dekabrın 19-dan etibarən saflarını dəyişərək Çauşeskuya qarşı üsyançıların tərəfinə keçiblər. Bu isə diktatorun hakimiyyətinin qırılma nöqtəsidir.

Dekabrın 21-də paytaxt Buxarestdə xalq üsyanları başlayır, 100 minlik xalq kütləsi şüarlar səsləndirərək yürüş edir və polislə qarşıdurmalar başlayır. Tankların və silahların danışdığı toqquşmalarda 1033 nəfər həlak olur.
Amma bu xalqı qorxutmur, ertəsi gün yüzlərlə nümayişçi yenidən küçələrə çıxır. Üsyanları yatırmaq və insanların gözünü qorxutmaq üçün fövqəladə vəziyyət elan edilir. Gecə yarısı Çauşesku komitə binasının eyvanından kütləyə səslənmək niyyətinə düşür, lakin heç kimə lazım olmadığını anlayaraq, binanın damından helikopterlə qaçmağa məcbur olur. Amma hara qaçacaqdı, ölkənin hər yerində qəzəbli rumın xalqı onu gözləyirdi. Çauşesku və həyat yoldaşı Yelena helikopterlə çox uzağa gedə bilmirlər, Tırqoviştə yaxınlanaraq oradakı hərbi bazaya aparılır. Dekabrın 25-də anonim məhkəmə yaradılır və Çauşesku cütlüyünə ölüm hökmü çıxarılır. Elə həmin gün onlar güllələnərək edam olunurlar.
Qəribədir ki, Çauşeskunun həyatda ən çox qorxduğu şey güllələnmək olub və o da başına gəlib.

Ölümündən sonra Çauşesku ailəsinin dəbdəbəli sarayı, qızılla süstlənmiş mebelləri, Yelenanın brilyant qaşlarla bəzədilmiş ayaqqabıları efir vasitəsilə xalqa nümayiş etdirilir.
Onu da qeyd edək ki, bütün sosialist bloku ölkələrindən inqilabın kommunist liderinin edam edilməsi ilə nəticələndiyi yeganə ölkə Rumıniya olub.
Çauşesku hakimiyyəti dövründə xalqa olmazın zülmünü yaşadıb. Yenidənqurma və tərəqqi adı altında insanların ölkədaxili miqrasiyasını həyata keçirib, 1972-1987-ci illər arasında 8 mindən artıq kənd sökülüb və sakinlər qutuşəkilli çoxmərtəbəli binalarda yaşamağa məcbur edilib.
Çauşeskunun fəlsəfəsinə uyğun şəhərlər yaratmaq üçün bütün ölkədə kilsələr və tarixi binalar da daxil olmaqla, sökülmə və yenidənqurma hərəkatı başlayır. Xüsusən də paytaxt Buxarestin tarixi fakturası korlanmağa başlayır, şəhərin üzvi təbiəti məhv olur, “urbanizasiya” adı altında adi boz binalar tikilir.

Rumıniyanın ən gözəl binalarından biri olan tarixi Peles qalasına köçmək istəyən Çauşesku cütlüyünün qalanı öz arzularına qurban verə biləcəyindən qorxan Peles qalasının rəhbərliyi son dərəcə gülməli, lakin təsirli bir şəkildə bu tarixi obyekti qorumağı bacarır. Deməli, o, qalada ölümcül virus yayan göbələk növünün yetişməsi haqda şayiə yayır və buna inanan Çauşesku cütlüyü fikrindən daşınır.
Son dövrlərin xəbərinə əsasən Avropanın ən böyük ayı icması Rumıniya ərazisindəki Karpat dağlarında yaşayır. Təxminən 6500 ayı olduğu təxmin edilir. Buna səbəb isə Rumıniyanın 25 ilə yaxın diktatoru olmuş Kauşeskudur. O, yalnız özünə ayı ovlamağa icazə verən qanun qəbul edir və beləliklə, heyanlar sürətlə ürüyüb artırlar.
Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Bu gün Çauşesku haqqında yalnız qorxulu xatirələr qalır. Onun uzun illər ərzində viran qoyduğu kəndlər, simasını dəyişdiyi şəhərlər, dağıtdığı tarixi irs yenidən bərpa olunur, insanlar dünyaya inteqrasiya edirlər və ən əsası, Rumıniya öz demokratiyasını inkişaf etdirir. Bütün bunlar üçün isə rumın xalqı dekabrın 21-də xatirəsini andığı minlərlə azadlıq fədaisinə borcludur.
P.S. Dost rumın xalqının şəhidlərinə rəhmət diləyir, Rumıniya dövlətinə parlaq gələcək arzulayırıq.